“Rusiyanın TASS agentliyinin Azərbaycana qarşı apardığı təxribatların arxasında geosiyasi, regional iddialar, sümürgəçi maraqlar gizlənir. Rusiya bir yandan Ukraynada odlu silahlarla müharibə aparır, digər tərəfdən Azərbaycana qarşı ideoloji, hibrit savaşı açmaqla bölgədə gərginlik yaradır. Rusiya sanki regionda yeni müharibə üçün səbəb axtarışındadır”.
Bunu Hafta.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

Mərkəz rəhbəri qeyd edib ki, Rusiya uzun illər Cənubi Qafqazı özünün təsir dairəsində saxlayıb və son zamanlar Qərbin regiona yaxınlaşmasından əndişələnərək "Qafqaz mənimdir" deyə, ətrafa aqressiya saçır.
R.Hüseynov qeyd edib ki, son günlər Rusiya siyasətçilərinin sözlə Azərbaycana “bombalar” yağdırmasının bu ölkənin aqressiyasının yüksək həddidir:
“Özünü bölgənin nizamlayıcı, idarəçisi kimi aparan Rusiya həmin imkanlar əlindən çıxdıqca sarsılır. Və istər-istəməz ətrafa aqressiya, qərəz, ittihamlar yağdırmaqla, özünün varlığını qorumağa çalışır. Rusiyanın bölgədə vaxtilə “ağalıq” etməsi reallıqdır. Amma 44 günlük müharibədən sonra Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratması da bu günün reallığıdır və Rusiya bunu qəbul etməyə məcburdur. Cənubi Qafqazda Azərbaycanın rolu, iqtisadi tranzitçi, eləcə də bir çox beynəlxalq layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi liderliyi dünya müstəvisində artıq qəbul olunur. Ona görə də Rusiya qıcıqlanır və bu cür təxribatlarla mövqeyimizə kölgə salmağa çalışır. Lakin buna da gücü yetmir, çünki artıq regiondakı mövqeyini itirib”.
R.Hüseynov bildirib ki, Azərbaycan bölgədə yaratdığı yeni reallıqları siyasi gücü, ağıllı diplomatik gedişləri, milli-strateji xəttin hesabına qazanıb. Bu da Rusiyanı özündən çıxaran əsas amildir.
Onun sözlərinə görə, Rusiyada müəyyən qüvvələr var ki, Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdırlar. Bir çox dairələr Ermənistanı dəstəkləmək üçün bu cür təxribatçı addımları körükləyir:
“Amma bunların heç bir faydası yoxdur. Azərbaycan regionda beynəlxalq liderlik statusunu qazanıb. 44 günlük savaşda qazanılan zəfərdən sonra o ideologiyanı və ona dəstək verən qrupları darmadağan edib. Azərbaycan bu gün də ona yönələn istənilən təxribatların cavabını diplomatik dillə verir. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın TASS agentliyinin təxribatçı yazılarının cavabını verməklə, qarşı tərəfin mövqelərini dəyişmələrinə yol açıb. Azərbaycan XİN-i o cümlədən həmin agentliyin Azərbaycan nümayəndəliyinin bağlanması ilə bağlı xəbərdarlıq edib.
Göründüyü kimi, dövlətimiz öz milli maraqlarını, təhlükəsiziliyini qoruyaraq qətiyyətli addımlar atır”.